27 sentyabr - doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-də 27 Sentyabr Anım gününə həsr olunan tədbir keçirilib. “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin inzibati binasında təşkil olunan tədbirdə Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız arasında “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin əməkdaşı şəhid Elnur Qalib oğlu Qarayevdən bəhs edilmişdir. O, xidmət etdiyi illərdə əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. 21 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən hərbi vəzifəsini yerinə yetirmək üçün ordu sıralarına cəlb edilmişdir. 06 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən hərbi əməliyyatlar nəticəsində odlu silahla yaralanmış və şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən Müharibəsində şəhid olmuş Elnur Qalib oğlu Qarayevə (ölümündən sonra) il dönümü ilə əlaqədar rabitə daxili xidmət baş leytenantı fərqləndirmə nişanı verilmiş və ailəsinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə maddi yardımlar göstərilir.
Tarix yazan qəhrəmanlarımızı böyük ehtiram və hörmətlə anırıq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Comments